Bahar Muradova: "Zərifə xanımın 100 illik yubiley tədbirində iştirak etmək qürurvericidir"
"Zərifə xanımın 100 illik yubiley tədbirində iştirak etmək qürurvericidir". “Report”un yerli bürosu xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova akademik Zərifə xanım Əliyevanın 100 illiyi ilə əlaqədar Naxçıvanda “Elmdə qadınlar” adlı konfransdan öncə Heydər Əliyev Muzeyində jurnalistlərə müsahibəsində deyib. "Səfərimiz doğrudan da çox əlamətdar tarixə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı yubiley tədbirləri bütün ölkədə keçirilir. Bu ərəfədə burada olmaq, eyni zamanda Zərifə xanımın 100 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmək kifayət qədər qürurvericidir. Biz bu muzeydə olarkən Heydər Əliyevin fəaliyyəti və onun müxtəlif məqamlarını əks etdirən eksponatları izlədik, onun haqqında bildiyimiz, dəfələrlə eşitdiyimiz, hər zaman böyük şərəflə yenidən dinləmək istədiyimiz xatirələri eşitdik", - komitə sədri qeyd edib. B.Muradova bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf etmiş, əhalisi rifah içərisində yaşayan demokratik, mütərəqqi ölkəyə çevriləcək.