Kreml bir milyon rusiyalının ölkədən qaçmasına inanmaqdan imtina edib
Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk edən rusiyalıların sayı həddən artıq qiymətləndirilir.
“Report” “Interfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
“Onların sayını şişirtməyə meyilli deyiləm, çünki bəzi absurd rəqəmlər deyənlər var. Bilirəm ki, bu belə deyil”, - sözçü qeyd edib.
Peskov həmçinin hesab edir ki, Rusiya “qanunları pozmayan və düşmən yolunu tutmayan” vətəndaşlarını öz vətənlərinə qaytarmalıdır:
“Hamımız onların bizimlə olmasında maraqlı olmalıyıq … və vətənin onlara digər ölkələrlə müqayisədə daha çox imkanlar verməsi ilə maraqlanmalıyıq”, - o əlavə edib.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Prezident Vladimir Putin qismən səfərbərlik elan etdikdən sonra 700 mindən bir milyona qədər insan Rusiyanı tərk edib. İqtisadi İnkişaf Nazirliyinin statistikasına görə, təkcə sentyabr ayında yaşı 15-dən yuxarı olan işçi qüvvəsinin sayı 600 min nəfər azalıb. Alfa-Bankın Makroiqtisadi Təhlil Mərkəzi 2022-ci ilin ilk doqquz ayında gedənlərin sayını 1,1 milyon nəfər olaraq qiymətləndirib.