AEBA-nın Baş direktoru “Akkuyu” AES-ə yanacağın çatdırılması mərasimində iştirak edəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi “Akkuyu” atom elektrik stansiyasına (AES) yanacağın çatdırılması mərasimində iştirak edəcək.
“Report” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“AEBA rəhbəri mərasimdə iştirak edəcək. O, bayrağı qaldıracaq və “Akkuyu” AES bir növ agentliyin yoxlamalarının aparılacağı nüvə adasına çevriləcək”, - o vurğulayıb.
Qeyd edək ki, aprelin 27-də “Akkuyu” AES-ə nüvə yanacağının təhvil verilməsi mərasimi keçiriləcək. Yanacağın çatdırılmasından sonra obyekt nüvə obyekti statusunu alacaq.
AES İstanbulun 90 faizini enerji ilə təmin edə biləcək gücdədir. O, 60 il fəaliyyət göstərəcək. Bundan başqa, Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu Atom Elektrik Stansiyası"nda (NGS) ilk nüvə reaktorunun bu il istifadəyə verilməsi ilə nüvə enerjisinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,2 qiqavata çatacağı gözlənilir.