Bolqarıstan Prezidenti Azərbaycandan alınan təbii qazdan danışıb: “Enerji siyasətinin mərkəzinə çevrilmişik”
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycandan alınan təbii qazdan danışıb. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. “Hazırda Bolqarıstan Azərbaycandan da qaz alır, bizim Aralıq dənizindəki altı terminala və həm Yunanıstan, həm də Türkiyənin qaz ötürücü sistemlərinə sərbəst çıxışımız var. Bolqarıstan coğrafi mövqeyindən və Avropa İttifaqına üzvlüyündən ən yaxşı şəkildə istifadə edir, öz maraqlarını düşünür, həm də tərəfdaşlarımızın və müttəfiqlərimizin maraqlarına töhfə verir”, - Prezident bildirib. Rumen Radev təşkil olunmuş şəffaf qaz tenderlərini, Yunanıstan və Türkiyədə maye qaz terminallarından istifadəni, Azərbaycan qazının Aİ-yə ötürülməsi ilə bağlı “Həmrəylik halqası” təşəbbüsünü xatırladıb: “Biz Yunanıstanla interkonnektoru tamamladıq, Serbiya ilə başladıq və bu ilin oktyabrında başa çatdıracağıq. “Lukoyl” nəhayət Bolqarıstanda qeydiyyatdan keçib və burada vergi ödəyir. Hazırda Avropada ən aşağı yanacaq qiymətlərinə sahibik. Yunanıstanla əməkdaşlığı davam etdiririk. Fevralda biz Aleksandrupolis-Burqas neft kəmərinin inşasının kəşfiyyatı ilə bağlı saziş imzaladıq”. Dövlət başçısı qeyd edib ki, Bolqarıstan Balkan yarımadasında enerji siyasətinin mərkəzinə çevrilib. Prezidentin sözlərinə görə, artıq ölkənin təbii qaz təchizatı üçün çoxlu variantları var və o, müvəqqəti hökumətin fəaliyyətini yüksək qiymətləndirib. Radev xatırladıb ki, bir il əvvəl Bolqarıstanın mayeləşdirilmiş qaz terminallarına çıxışı olmayıb, Yunanıstanla interkonnektor işə salınmayıb.