“Şərurlu İsfəndiyar” həbs olunacaq? -
Baş prokuror işi nəzarətə götürüb
"Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlayıb.
Globall.az kanal32.az-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev işi nəzarətə götürüb.
Zərərçəkənlərdən Müzəffər Məmmədli və Mahir Abbasov bildiriblər ki, “MUR-AY” MMC-nin vətəndaşlara vurduğu zərəri aradan qaldırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla, 17 dövlət qurum və təşkilatı işə cəlb edilib. “Şərur” MTK ilə müqavilə bağlanıb ki, “MUR-AY” MMC-nin aldadıb mənzillə təmin etmədiyi insanlar üçün ev tikintisinə başlasın. Müqaviləyə görə, “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanında (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı və Mərkəzi Bankdan on milyon manat vəsait ayırlıb. Şərtə əsasən, “Şərur” MTK “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə mənzillə təmin etməli idi:
"Zərərçəkənləri mənzillə təmin etmək üçün bütün təşkilatlar öhdəliklərinə düşəni ediblər. Ancaq İsfəndiyar Axundov bu günə kimi 15 zərərçəkmişi mənzillə təmin etməyib. Məsələ ilə bağlı Ali Məhkəmənin 23 iyul 2019-cu il tarixli qərarı var. Ancaq İ.Axundov qərarı icra etməkdən qərəzli şəkildə boyun qaçırır. Bu müddət ərzində dəfələrlə şikayət etməyimizə baxmayaraq, heç nə dəyişməyib. Qərarı icra etməli olan Binəqədi rayon icra və probasiya şöbəsinin rəisi İlham Həsənov və ona nəzarət edən İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova məhkəmə qərarını icra etdirmək arzusunda olmadıqlarını göstərirlər. Bu şəxslər sırf şəxsi maraqlar naminə müxtəlif bəhanələrlə onu müdafiə edirlər. Uzun illərin cəzasızlığından ruhlanan bu “iş adamı” o qədər cəsarətlənib ki, dövlət başçısının götərişi ilə ayrılmış vəsaitin böyük hissəsini şəxsi istək və arzuları üçün mənimsəyib".
Zərərçəkənlər bununla bağlı sübutlarının olduğunu da bildiriblər:
"Məhkəmənin təyin etdiyi audit İsfəndiyar Axundovun törətdiyi təkzibedilməz cinayət tərkibli faktları açıq-aşkar ortaya qoyur. Amma Nurəddin Mustafayev kimi bürokratlar şəxsi maraqları naminə var gücləri ilə ona “krışalıq” edirlər.
İsfəndiyar Axundov uzun illər keçmiş Baş prokuror Zakir Qralova sığınıb. “MUR-AY” zərəçəkmişlərinə ayrılan Yasamal rayonu Kənar Dairəvi küçəsi ünvanındakı torpaq sahəsində "Jasmine Park" salıb, inşa etdiyi ticarət mərkəzlərini ərəb iş adamlarına satıb".
Zərəçəkənlər bildiriblər ki, Kamran Əliyev Baş prokuror təyin ediləndən sonra şikayətləri nəzarətə götürülüb və onlardan izahat alınıb:
"Əlimizdə olan faktlar İsfəndiyar Axundovun həbs edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər hüquqi zəmin yaradır. Odur ki, onun həbs ediləcəyini gözləyirik".