Seneqal diplomatik nümayəndəliklərini bağlayıb
Seneqalın dünya üzrə diplomatik nümayəndəlikləri bu missiyaların bəzilərinə qarşı son zorakılıq aktları səbəbindən müvəqqəti olaraq bağlanıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Seneqal Xarici İşlər Nazirliyi məlumat yayıb. "Bu addım Seneqalın Paris, Bordo, Milan və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri və konsulluqlarına qarşı bir sıra zorakı hərəkətlərdən sonra atılıb", - Nazirliyin məlumatında deyilir. Xarici İşlər Nazirliyi qeyd edib ki, konsulluqlar təhlükəsizlik üçün şərait bərpa olunan kimi yenidən fəaliyyət göstərəcək. Qeyd edək ki, Seneqalda iyunun 1-də və 2-də iğtişaşlarla müşayiət olunan böyük nümayişlər keçirilib. Nümayişçilərlə hüquq-mühafizə qüvvələri arasında toqquşma nəticəsində 16 nəfər həlak olub, 360 nəfər yaralanıb. Polis 500 nəfəri saxlayıb.