Rostovda tank sirkin darvazasında ilişib qaldı
Rusiyanın Rostov vilayətinin inzibati mərkəzində “Vaqner” özəl hərbi şirkətinə məxsus hərbi texnikalar küçələrdədir.
Mediada bununla bağlı görüntülər yayılır.
Videoların birində Rostovda sirkin darvazasına ilişən tank əks olunub. Bu, sosial şəbəkələrdə bir çox müzakirələrə səbəb olub. Bəziləri kadrı “sirkin içində sirk” kimi qiymətləndiriblər, digərləri görünüşünə görə zirehli texnikanın içəri deyil, çölə çıxmağa çalışmasına diqqət çəkərək, bunu tankın ilişməsindən daha müəmmalı vəziyyət adlandırıblar.
“Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla bildirib ki, tank Rostov sirkinin qapılarında ilişib qalmayıb, sadəcə, sirkin yanındakı Cənub Hərbi Dairəsinin qərargahının fasadlarından birini bilərəkdən bağlayıb.
Məlumata görə, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin məhz bu qərargahda İnquşetiyanın keçmiş rəhbəri, hazırda isə Rusiya müdafiə nazirinin müavini olan Yunus-Bek Yevkurov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb.