Bakıda keçirilən “Kənddən Şəhərə” yarmarkasından FOTOREPORTAJ
Kənd Təsərrüfatı Nazirliyi paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edib. Yarmarkanın təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlərin yerli kənd təsərrüfatı və qida məhsulları satışa çıxarılıb. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkası fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınır. PhotoStock.az-ın sözügedən yarmarkadan hazırladığı fotoreportajı təqdim edirik: