Türkiyədə güclü zəlzələ:
tikililərdə çatlar yaranıb, yollarda uçqunlar baş verib
Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda iyunun 14-də yerli vaxtla saat 17:24-də 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində Kaynarpınar kəndindəki təhlükəsizlik poçtunda xidmət aparan üç nəfər yaralanıb.
Bu barədə Bingöl valisi Kadır Əkinçi açıqlama verib.
Bölgə KİV-lərinin məlumatına görə, bəzi tikililərdə çatlar əmələ gəlib. Dağ yollarında uçqunlar baş verib.
Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum bildirib ki, nazirliyin əməkdaşları təbii fəlakət bölgəsinə ezam olunublar.
Qeyd edək ki, Elazığ, Muş, Ərzurum və Diyarbəkir bölgələrində də hiss edilən yeraltı təkan əhali arasında böyük təşvişə səbəb olub. Ekspertlərin ilkin açıqlamalarına görə, zəlzələnin episentri Anadolu bölgəsinin ən aktiv seysmoloji zolaqlarından birinə düşür.
***19:04
Türkiyənin Bingöl vilayətində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar iyunun 14-də yerli vaxtla saat 17:24-də qeydə alınıb. Zəlzələ ətrafdakı vilayətlərdə də hiss olunub. Əhali arasında böyük təşviş yaranıb.
Dağıntı və xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.