"Fransa bizi xalq kimi qəbul etmir"
Biz Fransaya görə maliyyə, iqtisadi baxımdan asılı vəziyyətdə qalırıq. Ölkəmizdəki qızıllar çıxarılır və Fransaya aparılır. Qızıllar çıxarılanda çaylarımız çirklənir, təbiətimiz zərər görür.
Globall.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya naminə Hərəkatının üzvü Moris Pindard deyib.
"Fransa şirkətləri meşələrimizdən, təbii resurslarımızdan istifadə edir. Bizim üçün öz ölkəmizdə heç bir gəlir yoxdur. Həmçinin mədəniyyət sahəsində də dominantlıq var. Buralarda dərslər Fransa ilə bağlı dərsliklərdən keçilir. Onlar bizi xalq kimi qəbul etmir, insan hüquqlarımız tapdalanır. Buna görə küçələrə çıxıb etiraz edirik", - deyə M. Pindard qeyd edib.
O bildirib ki, biz öz ölkəmizdə, torpaqlarımızda bütün ssərvətlərimizdən istifadə etmək istəyirik. Bunun üçün bizə müstəqil ölkələrin dəstəyi lazımdır.
Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.