"“3+3” formatı bölgə dövlətlərinin maraqlarına uyğundur" - DEPUTAT MÜNASİBƏT BİLDİRİB
"“3+3” formatında regional əməkdaşlıq Vətən müharibəsindən dərhal sonra Türkiyə və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü əsasında irəli sürülüb. Belə bir əməkdaşlıq formatı post-müharibə dövründə bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi və qarşılıqlı etimad mühitinin yaradılması baxımından kifayət qədər səmərəli və faydalı bir başlanğıc ola bilərdi. Lakin o zaman Ermənistan, Gürcüstan və İran bu təşəbbüsə lazımi dəstəyi vermədilər. Keçən 3 il ərzində bölgəmizdə baş verən hadisələr də bir daha göstərdi ki, sülhə və əməkdaşlığa alternativ yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan mətbuatında XİN rəhbərinin də bu yaxınlarda baş tutacaq altı tərəfli görüşdə iştirak edəcəyi barədə məlumatlar var: "Bununla yanaşı, görünən odur ki, Ermənistan siyasi rəhbərliyi hələ də öz ölkəsinin inkişaf perspektivlərini xarici güclərin bölgəyə cəlb edilməsində görür. Ermənistan rəhbərliyi sülh haqqında çox danışsa da ölkələr arasında qarşılıqlı etimadı gücləndirə biləcək “3+3” formatında əməkdaşlıqla bağlı aydın və birmənalı mövqe göstərmir. Bu məsələdə Ermənistanın qeyri-konstruktiv yanaşması təəssüf doğurur".
Ləman Sərraf