Ekspertdən açıqlama: “Emin Əmrullayev Azərbaycan dövlətinin ona xərclədiyi pulları artıqlaması ilə dövlətə verib...”
Elm və təhsil naziri Emin Əmrullayev səsləndirdiyi fikirlərlə bu dəfə də gündəm yaradıb. Belə ki, nazirin Təhsilin İnkişafı Forumunda “Xaricdə təhsil üçün bir vətəndaşımıza bəzən 100 min dollar sərf olunur.
Məsələn, mən hesablamışdım, mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu” sözləri geniş müzakirəyə səbəb olub. Əmrullayevin açıqlaması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə etiraz edənlərin çoxu övladının savadına əmin olan, lakin onu xarici universitetlərdə oxutmağa imkanı çatmayan valideynlərdir. Onlar iddia edirlər ki, bununla bağlı aidiyyəti üzrə müraciətləri dəfələrlə cavabsız qalıb. Xaricdə təhsil alıb gələn elm və təhsil nazirinin isə gördüyü işlərin qənaətbəxş olmadığı bildirilib.
Globall.az bildirir ki, müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, elm və təhsil naziri Emin Əmrullayev 2007-2015-ci illəri əhatə edən xarici təhsil proqramı çərçivəsində xaricdə - Amerika universitetlərindən birində təhsil alıb.
“Məhz 2007-2015-ci illəri əhatə edən xaricdə təhsil proqramına ümumilikdə 5 min azərbaycanlı gəncin göndərilməsi nəzərdə tutulurdu və 3500 nəfər gənc dövlət büdcəsi hesabına xarici ölkələrə oxumaq üçün göndərilmişdi. Bu proqram çərçivəsində xaricə göndərilən gənclərin təhsilinə ümumilikdə 90 milyon manat vəsait ayrılmışdı. Emin Əmrullayevin qeyd etdiyi rəqəm doğrudur. Bu, Azərbaycanda neft strategiyasının əsasını təşkil edən siyasətdir. Cənab Prezident İlham Əliyevin məhz neft iqtisadiyyatı ilə bağlı dediyi ifadə var: “Biz neft kapitalını insan kapitalına çevirməliyik. Buna görə də neftdən gələn gəlirləri xarici ölkələrdə təhsil alan gənclərə yönəltdik”. Emin müəllimin təhsil aldığı universitetin illik təhsil haqqı, həmçinin aylıq xərcləri ümumilikdə 130 min dollardır. Bu vəsait təkcə Emin Əmrullayevə yox, həmin proqram çərçivəsində xaricdə təhsil alan gənclərə də ayrılıb. Hər gəncə ən az 100 min dollardan yuxarı pul xərclənib. Və həmin gənclər ölkəyə o pulu gətirirlər. Məsələn, Emin Əmrullayev nazir olana qədər ölkəyə kifayət qədər beynəxalq qrantlar gətirib. Onun müəyyən tədqiqatları var. Azərbaycanda orta ümumtəhsil məktəbi, məktəbəqədər təhsil, həmçinin icma əsaslı təhsil müəssisələri ilə bağlı ölkəyə böyük gəlir gətirib. Əminliklə sizə deyə bilərəm ki, Emin Əmrullayev nazir olanaqədərki fəaliyyəti dövründə məhz Azərbaycan dövlətinin ona xərclədiyi pulları artıqlaması ilə dövlətə verib. Azərbaycan gənclərinin xarici ölkədə təhsil alma proqramının da əsasını məhz bu təşkil edir ki, dövlət müəyyən sərmayə, kapital qoyur və bu geridönüşlüdür. Azərbaycanda dayanıqlı və davamlı iqtisadiyyatın təşkili, xidmət sektorunun inkişafı üçün bu proqramlar zəruridir. Hesab edirəm, müsbət haldır. Emin müəllim Forumdakı çıxışında da bunu deyirdi ki, dövlət gənclərə pul ayırır, həmin gənclər də Azərbaycanda bu və ya digər sahələrin inkişafı üçün çalışmalıdırlar, çalışırlar da”, - ekspert bildirib.