“007 zərərsizləşdirildi...” – 15 ay hakimiyyətdə olan Andropovun 15 saniyəyə çıxartdığı DƏHŞƏTLİ QƏRAR
Zərərsizləşdirildi...” – 15 ay hakimiyyətdə olan Andropov
Globall.az musavat.com-a istinadən İlham Cəmiloğlunun yazısını təqdim edir.
Yəqin ki, aviasiya sahəsində mütəxəssis olmayanlar belə, 300 nəfər sərnişin tutumu olan "Boeinq" təyyarəsi ilə kiçik həcmli hərbi kəşfiyyat təyyarəsini asanlıqla ayrıd edə bilər. Hərbi aviasiya mütəxəssisləri isə bu fərqi saniyələr ərzində müəyyənləşdirmək imkanına malikdirlər. Belə olan halda SSRİ hava hücumundan müdafiə qüvvələrinin sərnişin təyyarəsini hərbi kəşfiyyat təyyarəsi ilə səhv salaraq məhv etməsi təəccüblü və çox müəmmalı görünür.
Hadisə 1983-cü ilin sentyabrın 1-də baş verib. Koreya hava yollarına məxsus, Nyu-York-Seul 007 reysini icra edən "Boeinq 747" təyyarəsi SSRİ-nin Saxalin ərazisində hava məkanına daxil olanda, SSRİ Müdafiə nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

"Mən hərbçi olmuşam və mənə verilən əmri icra etmişəm. Adətən mülki sərnişin təyyarələrinin salonunda işıqlar (illüminator) həmişə yanılı olur və təyyarənin çöl tərəfdən bir neçə yerində yanıb-sönən işıqlar onları fərqləndirir. Mən göydə təyyarəyə yaxınlaşarkən bunları müşahidə etdim və yerə xəbər verdim. Ancaq nədənsə mənim bu xəbərdarlığım ciddiyə alınmadı. Əmr verildi ki, təyyarəni vurmalıyam. Birinci raket hədəfi tutmadı, ikincisi isə təyyarənin arxa hissəsinə dəydi. Mən işimi icra edib geri qayıtdım və mərkəzə məruzə etdim ki, 007 zərərsizləşdirildi. Yerdəkilər elə düşünüblər ki, təyyarədə sərnişin yoxdur, uçanlar Amerika kəşfiyyatçılarıdır və onlar ərazidəki hərbi obyektlərin dislokasiyasını müəyyənləşdirirlər..."

Reysi icra edən təyyarə Kamçatka ərazisində kursu 12 dərəcə dəyişərək Saxalin tərəfə istiqamət alıb. Ərazi üzrə dispetçerlər təyyarənin heyətinə hava məkanını pozduğuna görə birinci dəfə xəbərdarlıq ediblər. Bu xəbərdarlıqdan sonra təyyarə daha 8 dərəcə kursu dəyişərək SSRİ-nin hava məkanında uçuşunu davam etdirib.
Ərazidə xidmət edən hava hücumundan müdafiə qüvvələrinin hərbi hissəsinin komandiri dərhal Moskva ilə, SSRİ müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi marşal Nikolay Oqarkovla əlaqəyə girib və hadisə ilə bağlı ona məruzə edib. Oqarkov da öz növbəsində qərar çıxarmaq üçün baş katib Yuri Andropova müraciət edib. Saniyələr ərzində qərar qəbul olunub, Andropov təyyarənin vurulması ilə bağlı göstəriş verib.
Hadisə ilə bağlı ortaya maraqlı bir sual çıxır. Təyyarənin pilotu dispetçerlərin xəbərdarlığına niyə məhəl qoymayıb?
Bununla bağlı bir neçə versiya səsləndirilib. Birinci versiyaya görə, təyyarə SSRİ-nin hava məkanına daxil olarkən avtopilot rejimi komandaları düzgün qəbul etməyib. İkinci versiya ondan ibarət olub ki, həmin anlarda təyyarənin yerlə əlaqə üçün istifadə olunan rabitə qurğularında nasazlıq yaranıb ki, bununla da dispetçerlə əlaqə yaratmaq mümkün olmayıb.

Bu hadisə beynəlxalq aləmdə böyük səs-küyə səbəb olub. SSRİ rəsmiləri digər hadisələrdə olduğu kimi, bu hadisəni də məxfi saxlamağa çalışıblar. Amma təbii ki, bunu gizlətmək onlara müyəssər olmayıb. Çünki təyyarədə həlak olanlar 16 ölkənin, o cümlədən 68 nəfəri ABŞ-ın vətəndaşı olub. ABŞ siyasətçisi, konqressmen Lourens Makdonald da hadisə qurbanlarından birinə çevrilib.

ABŞ prezidenti Ronald Reyqan hadisə ilə bağlı bəyanat verib, SSRİ-nin ünvanına sərt fikirlər səsləndirib:
"Koreya təyyarəsinin vurulması insanlığa qarşı ən böyük cinayətlərdən biri sayılmalıdır və bu hadisə unudulmamalıdır. SSRİ-nin törətdiyi bu hadisə insanlıq çərçivəsinə sığışmayan dəhşətli bir vəhşilikdir..."
Seulda on minlərlə insan küçə və meydanlara çıxaraq etiraz aksiyaları keçiriblər, sovet hərbçilərini lənətləyərək, SSRİ-ni "vəhşi dövlət" adlandırıblar.

"Əlbəttə, 269 nəfərin həlak olması dəhşətli faktdır, amma SSRİ-nin hava məkanının pozulması bundan da dəhşətlidir..."