Bu siyasi partiyalara seçkilərdə iştirak etmək üçün imkan yaradılıb -
Deputat
Globall.az xəbər verir ki. bunu Trend-ə deputat Vüqar İskəndərov deyib. "Tarixində heç vaxt belə bir gücdə olmayan Azərbaycan müstəqil şəkildə öz prezidentini seçəcək. Xalqımız prezident İlham Əliyevin 20 il ərzində verdiyi bütün sözləri tutduğunun şahidi olduğu üçün Azərbaycan prezidentinin arxasında durduğunu, dəstəklədiyini hər fürsətdə ifadə edib. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Əlbəttə ki, artıq Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar, 30 illik münaqişənin başa çatdırılması, xarici və daxili düşmənlərin arzularının ürəyində qalması, bizim də daha diqqətli və güclü olmağımızı labüd edir. Bu baxımdan, regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Göründüyü kimi, hər kəsin bərabərhüquqlu formada seçkilərə qatılması üçün də tam şərait yaradılıb. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Amma onlar hər dəfə unudurlar ki, xalqın gözü tərəzidir", - deyə o əlavə edib.2024-cü il xalqımız üçün daha bir tarixi və uğurlu il olacaq. Çünki gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri bizim Zəfər seçkimizdir. Hər bir kəlməmizin əvvəlində vaxtilə işlətdiyimiz "20 faiz işğal altında olan torpaqlarımız" ifadəsi artıq tarixin küncünə yuvarlanıb. Müstəqillik tariximizdə ilk dəfə bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bütöv Azərbaycan öz rəhbərini seçmək imkanı qazanacaq. Bu isə yeniləşən və güclü bir Azərbaycanın növbəti uğurudur.