Auditorlar Palatasındakı mənimsəmə faktı ilə bağlı - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi Azərbaycan Auditorlar Palatasının üç vəzifəli şəxsi xüsusilə külli miqadarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
"Hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tamamlanıb, cinayət işi materialları baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə araşdırmasının nəticəsi və qəbul ediləcək qərar barədə məlumat əlavə olaraq Auditorlar Palatasının rəsmi internet saytı vasitəsi ilə ictimaiyyətin nəzərinə çatdırılacaq",-deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, Paltanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü ( xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 1 milyon manata yaxındır.
Daha əvvəl Palatanın rəhbəri Vahid Novruzov saytımıza bildirib ki, qanun pozuntularında ittiham olunan şəxslər vəzifələrindən kənarlaşdırılıblar.