Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsi 30 faizdən çox ARTIB
Türkiyə Azərbaycanın ikinci ən mühüm ticari tərəfdaşıdır və 2023-cü ilin 11 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 7,2 milyard dollara çatıb. Globall.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib. "Ötən ilin analoji dövrü ilə müqayisədə artım 33 faiz olub. Türkiyəyə ixrac 52 faizdən çox artaraq 5,1 milyard dollar olub", - o deyib. Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb. Forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq. Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edir. Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.