“Niyə başqa qadınla danışırsan” dediyi üçün döyüldü
Şəmkir rayonunda 1982-ci il təvəllüdlü Səid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mahirəyə (adlar şərti verilib - red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 15-də Şəmkir rayonunun Mahmudlu kəndində baş verib. Səid yaşadıqları evdə arvadı Mahirə ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı onu vurub. Hadisəni törədən Səidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyunun 15-də, saat 15 radələrində Mahirə atasına məxsus evin həyətyanı sahəsindən heyvanlar üçün ot biçərkən onun yanına gedib və evə gəlməsini bildirib: "Həmin vaxt Mahirə mənə başqa xanımlarla danışmağımı irad tutdu, mənimlə yüksək səs tonu ilə danışdı və məni təhqi etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə əsnasında əsəbiləşərək əlim ilə Mahirənin sifət nahiyəsinə vurdum". İş üzrə zərərçəkmiş Mahirənin sözlərinə görə, iyunun 15-də qayınatasına məxsus evin həyətyanı sahəsindən heyvanlar üçün ot biçərkən əri Səid ona evə gəlməsini deyib: "Mən isə cavabımda evə gəlməyəcəyimi, onun başqa xanımlarla danışmasını bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Səid yumruq zərbələri ilə məni vurdu. Sonradan döyülməyim barədə Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Lakin hadisədən sonra Səid məndən üzr istədi. Mən də onu bağışlayaraq barışdım". Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səidin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.