“ABŞ Almaniya iqtisadiyyatına zərbə hazırlayır -
Rusiya XİN
«Şimal axını-2» layihəsinə qarşı Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyaları məhz Almaniyanın iqtisadiyyatına birbaşa zərbə vurmaq məqsədi daşıyır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
«Vaşinqton tərəfindən özünün avropalı müttəfiqlərinə, ilk növbədə, «Şimal axını-2» tikintisini pozmaq məqsədilə Almaniyaya göstərilən aqressiv təzyiq - biz bunu məhz belə kvalifikasiya edirik - əlbəttə, transatlantik münasibətlər üçün bərabəri olmayan faktdır. ABŞ Konqresində müzakirə olunan sanksiyalar isə məhz Almaniya iqtisadiyyatına birbaşa zərbə endirmək məqsədi güdür. Buna yönəlik reaksiya istər milli, istərsə də ümumavropa səviyyələrində olsun, şübhəsiz, Berlinin və Avropa İttifaqı ölkələrinin suveren hüququdur» - deyə, diplomat bildirib.
Bir neçə gün əvvəl isə Rusiyanın energetika naziri Aleksandr Novak Bloomberq TV-yə müsahibəsində bəyan edib ki, «Şimal axını-2» layihəsinə qarşı ABŞ-ın mümkün yeni sanksiyaları suveren dövlətlərin daxili siyasətinə qarışmaq cəhdidir, biznes-layihələrin reallaşdırılması isə layihədə iştirak etməyən üçüncü dövlətlərlə koordinasiya edilməməlidir.
«Mən bilmirəm, sanksiyaların tətbiqi layihəni bloklamaqdır, yoxsa yox, yalnız onu deyə bilərəm ki, bu, mənim fikrimcə, tər-təmiz proteksionizmdir və digər suveren dövlətlərin işlərinə qarışmaqdır» - deyə, Novak qeyd edib.