Avropa çempionatında rekord vuran güləşçilərimiz Vətənə qayıdıb
Globall.az "Presstv"az xəbər verir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli şəkildə qarşılanıblar. Komandanı idman ictimaiyyəti, eləcə də yığma üzvlərinin yaxınları və media nümayəndələri qarşılayıblar. Millimiz Avropa çempionatında növbəti dəfə rekorda imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edən yığmamız medalların əyarına görə, Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb. Komandamız ilk dəfə bir qitə birinciliyində 3 qızıl medal qazanıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) Avropa çempionu olub. Rəşad Məmmədovla (55 kq) Ülvi Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qeyd edək ki, medalların əyarına görə 1-ci yeri tutan yığmamız xallarla hesablama sisteminə görə, 142 xalla ardıcıl 2-ci dəfə yekun sıralamada ikinci pillədə qərarlaşıb.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə aparan Azərbaycan millisi Vətənə geri dönüb.