“Kim gözlənilmədən kütləvi raket hücumunu başlada bilsə, üstünlük onda olacaq...”
“Silahlanma yarışındakı tonu 2015-2016-cı illərdə olduğu kimi, Azərbaycan deyil, Ermənistan diktə edir.."
İşğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu iddia ilə bazar ertəsi Ermənistan Tədqiqat və İnkişaf İnstitutunun Müdafiə Tədqiqatları şöbəsinin müdiri, hərbi ekspert Leonid Nersisyan çıxış edib.
“Bu il Ermənistan və Azərbaycan arasındakı güc balansına təsir edən hərbi-texniki əməkdaşlıqla əlaqəli ən maraqlı şey dekabr ayında baş verdi. Bunlar Ermənistanın Rusiyadan “Tor-M2MK” hava hücumundan müdafiə sistemlərini alması, eyni zamanda “Su-30SM” qırıcılarının çox sürətli çatdırılması oldu. Bu, Ermənistan Silahlı Qüvvələrinin tarixdəki ən bahalı və ən böyük satınalması olub”- deyə erməni ekspert qeyd edib.
“İndi “Su-30”-ların alınmasına birmənalı cavab görəcəyik. Təbii ki, bu, özünü Azərbaycanın guya 5-ci nəsil “Su-57” qırıcılarının alınmasında maraqlı olması kimi informasiya hücumları ilə göstərəcəkdir. Halbuki, həmin uçaqlar hələ ixraca hazır olmadığı üçün bu olduqca şübhəlidir ", - Nersisyan belə deyib.
Onun sözlərinə görə, Azərbaycan ya eyni “Su-30”, ya da “Su-35S” almaq məcburiyyətində qalacaq. Eyni zamanda düşmən ölkənin eksperti qeyd edib ki, 2016-cı ildən bu yana tərəflər daha uzunməsafəli və yüksək dəqiq silahlar almağa başlayıblar və indi hər iki tərəf də bütün ərazi boyu hədəfləri dəqiq məhv etmək imkanına malikdir...
"Müəyyən risklər isə onunla bağlıdır ki, hansı tərəf gözlənilmədən əsas hərbi və mülki hədəflərə kütləvi raket hücumunu başlada bilsə, üstünlük onda olacaq" - deyə Nersisyan vurğulayıb./Moderator.az/
P.S. Yəqin ki, Azərbaycanın hərbi ekspertləri işğalçı ölkə ekspertinin tutarlı cavabını verəcək...