Azərbaycanın dövlət qulluqçuları -
Onların 29 faizi qadınlardır
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Azərbaycanda dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
“Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb. Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir.
Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır.
Azərbaycan Prezidenti İlham Əliyev daim öz çıxışlarında dövlət qulluqçularını nümunə olmağa çağırır: "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır".
Rəsmi məlumata görə, 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olub. Onların 29 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 4,7 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,6 faizi 4-7-ci təsnifatları, 19,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir.
Dövlət qulluqçularının 7,2 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 17,3 faizini 30 yaşadək, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44 yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur./modern.az