Almaniya Latviyaya beş qırıcı yerləşdirir
Almaniya Baltik dənizi üzərində NATO hava məkanını qorumaq üçün Latviyaya beş "Eurofighter" qırıcısı yerləşdirir. Globall.az report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, qırıcılar Noyburq-an-der-Donau şəhərindən havaya qalxıb və Riqanın cənub-şərqindəki Lielvarde hərbi aerodromuna çatmalıdır. Onlar martın əvvəlindən noyabrın sonuna kimi Estoniya, Latviya və Litva üzərində NATO hava məkanını qoruyacaq. Xatırladaq ki, Baltikyanı ölkələr 20 il əvvəl NATO-ya qoşulandan bəri alyansa üzv ölkələr mütəmadi olaraq bölgəyə təyyarələr göndərir. 2014-cü ildən 2023-cü ilə qədər Estoniyadakı Emari hərbi aerodromu Almaniyanın "Eurofighter" qırıcıları üçün baza olub. Emari aviabazasında aparılan təmir işləri ilə əlaqədar olaraq, qırıcılar bu il Latviyadakı Lielvarde aerodromundan istifadə edir.