Qazaxıstanda təyyarə qəzası -
14 nəfər ölüb, çoxsaylı yaralı var (Yenilənib)
Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus təyyarə Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə yerindən kadrlar “Zakon.kz” nəşrinin “YouTube” kanalında yayımlanıb. Videoda qəzaya uğrayan təyyarə, dağıntıları təmizləyən yerli sakinlər və təcili yardım işçiləri görünür.
“Instagram” istifadəçiləri də hadisə yerindən kadrlar yerləşdiriblər. Videolardan birinin müəllifi iddia edir ki, insanlar təyyarənin füzelyajının ön hissəsini parçalara ayırırlar.
Almatıdan Nur-Sultan istiqamətində uçan “Fokker-100” təyyarəsinin göyərtəsində 95 sərnişin və 5 ekipaj üzvü olub. Rəsmi məlumatlara görə, 14 nəfər ölüb, daha 35 nəfər yaralanıb.
Uçuşdan bir müddət sonra hündürlüyü itirməyə başlayan təyyarə beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub. Qazaxıstanda bu model təyyarələrin bütün uçuşları dayandırılıb.
“Bek Air” 1999-cu ildə təsis olunmuş aviaşirkətdir. Onun donanması 7 ədəd “Fokker-100” təyyarəsindən ibarətdir. Avqust ayında “Bek Air” şirkəti xarici müştərilər arasında ilk olaraq “İrkut” korporasiyası ilə 10 ədəd “MS-21” təyyarəsinin tədarükü barədə niyyət müqaviləsi imzalayıb.