Dondurma alarkən nəyə diqqət edək? – Qida eksperti AÇIQLADI
Havaların isinməsi dondurma mövsümünün dəbaşlaması deməkdir. Qış aylarında bəzi mağazalarda satılan bu dondurmalar havanın isinməsi ilə demək olar ki, artıq bütün mağazalara ayaq açıb.
Bəs görəsən insanlar dondurma istehlak edərkən nəyə diqqət etməlidir?
Globall.az bildirir ki, bu barədə Bakıvaxtı.az-a danışan qida təhlükəsizliyi eksperti Fərid Səfərov bildirib ki, insanlar sağlamlıqları üçün bir çox məqama diqqət yetirməlidir.
Həssas mədəsi olan insanların acqarına dondurma yeməməsi lazım olduğunu deyən ekspert, həmçinin bildirib ki, çox soyuq halda yemək də mədəyə pis təsir edəcək.
O, dondurmanı yavaş-yavaş və kiçik dişləmlərlə istehlak etməyi məsləhət görür.
Onun sözlərinə görə, süd tozu ilə hazırlanan dondurma süd ilə hazırlanandan 8 qat daha yağlıdır.
Eyni zamanda, rəngli dondurmalardam uzaq durulmasını, dondurma alarkən tərkibindəki şəkər miqdarına və şəkərin nədən hazırlandığına diqqət etmək lazım olduğunu bildirib:
“Gün ərzində dondurmanı az yeyin, dondurma yağ tərkibli olduğu üçün qanda xolesterinin yüksəlməsinə, tərkibində şəkər olduğu üçün qan şəkərinin yüksəlməsinə, hormonal balanssızlığa, kökəlməyə səbəb ola bilər”.
Fərid Səfərov, qida mütəxəssisi
F.Səfərov sağlam şəraitdə istehsal olunmayan və saxlanılmayan dondurmanın zəhərlənmə ilə nəticələnə biləcəyini diqqətə çatdırıb.
Qış aylarından bəzi mağazalarda dondurmaların satılması məsələsinə toxunan müsahibimiz qış mövsümündən qalan dondurmaların qəbulunun tövsiyə olunmadığını, sağlamlıq üçün ciddi narahatlıq yarada biləcəyi barədə xəbərdarlıq edib.
“Sağlamlığınız üçün istifadə etdiyiniz hər qidadan qədərində yeməyə çalışın.Sağlam qida sağlam gələcəkdir!”