Rusiyada döyüşlərə məcburi cəlb edilən azərbaycanlılar nə etməlidirlər?- VİDEO
Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların bir qismi müxtəlif yollarla Ukrayna ilə müharibəyə cəlb olunur.
Bu barədə "Xəzər Xəbər" məlumat yayıb.
Rusiyada yaşayan azərbaycanlılara bunun müqabilində yaxşı maaş və güzəştlər vəd olunur, bəzilərini isə zor tətbiq etməklə müharibəyə getməyə məcbur edirlər - onlar hədə-qorxu və deportasiya riski ilə üz-üzə qalırlar. Rusiya tərəfindən müharibəyə cəlb olunan soydaşlarımızdan bəziləri müharibədən geri qayıtmayıb, əvəzində cənazələri gəlib.
"Xəzər Xəbər" Rusiya tərəfindən Ukraynda döyüşərək öldürülən azərbaycanlılardan birinin - Zərdab rayonunun Məlikli kənd sakini Fəxri Hacıyevin evindən reportaj hazırlayıb. Materialda bildirilir ki, F.Hacıyev 52 yaşında müharibəyə aparılıb və döyüşdə öldürülüb. Məhrumun qardaşı Ziyəddin Hacıyev bildirib ki, onun müharibəyə necə cəlb olunduğunu anlaya bilməyiblər, hər şey anidən baş verib. O, qardaşının zorla döyüşlərə cəlb olunduğunu ehtimal edir. F.Hacıyev cəmi 10 günlük təlimdən sonra Mariopola - Ukraynaya göndəriib, ona azad olunmuş ərazilərdə qulluq keçəcəyi bildirilib.
Z.Hacıyev deyib: "Qardaşım heç nə deyə bilmirdi, "elə salam-sağol" eləyirdi, başa düşürdüm, ona təzyiq var ki, artıq-əskik heç nə danışmasın".
Reportajda bildirilir ki, Rusiyada qeyri-ruslardan və xüsusən də azərbaycanlılardan alət kimi istifadə olunur, onlara hərbi təlim keçilir. Soydaşlarımızdan çoxu zorən və ya bilmədən Rusiya hərbi sisteminə qoşulsalar da, sonradan müxtəlif çətinliklərlə üzləşirlər. Onlar təlim düşərgələrindən, poliqon və döyüş bölgələrindən ailələri ilə əlaqə saxlayıb yardım istəməyə çalışırlar.
Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyev də videomüraciətində Rusiya ordusuna qoşulduqdan sonra çətinliyə düşdüyünü bildirərək, əlaqəli şəxslərdən kömək istəyib.
Azərbaycanın aidiyyatı orqanları bildirirlər ki, belə hallarla üzləşən soydaşlarımız dərhal ölkəmizin diplomatik nümayəndəliyinə məlumat verməli, həmçinin bu prosesləri ictimailəşdirməlirdirlər.
Sözügedən məlumatlandırma sayəsində artıq zorla Rusiya ordusuna cəlb olunanlar arasından geri qayıdanlar da var. Belə ki, Çeçenistanda saxlanılan və Ukraynaya göndərilməli olan üç Azərbaycan vətəndaşı XİN-in yardımı ilə ölkəyə gətirilib.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, vərəndaşlığı olmadığı ölkədə azərbaycanlıların muzdlu kimi döyüşməsi qadağandır. Cinayət Məcəlləsinə əsasən, belə şəxsləri ağır həbs cəzası gözləyə bilər.