“İnternet sürətinin inzibati əmrlə artırılması absurddur”- “Danlayırlar, yalvar-yaxar edirlər ki...”
- Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz ölkədə internet xidmətlərinin tənzimlənməsi ilə bağlı ciddi narahatlıqlarını açıqlayıb. O, İKT sektorunda müstəqil olmayan “tənzimləyici qurum” kimi qiymətləndirdiyi İKT Agentliyinin (İKTA) provayderlərə verdiyi “internet sürətini artırın” göstərişlərini sərt şəkildə tənqid edib.
Gündüz bildirib ki, dünyada heç bir rəqabətli bazarda belə inzibati göstərişlərə rast gəlinmir: “Hər ay provayderləri yığıb tapşırıq verirlər, danlayırlar, yalvar-yaxar edirlər ki, internet sürətini artırın, dünya ortalamasına çatdırın. Bu, ağlasığmazdır”.
Onun sözlərinə görə, internet bazarında dövlət və özəl provayderlərin mövcudluğu, dövlətin bazarda 80%-ə yaxın paya sahib olması, rəqabətin zəifliyi və qiymətlərin “razılaşdırılmış planlar” əsasında formalaşması şəraitində tənzimləyicinin belə göstərişlər verməsi düzgün deyil: “İKTA əməkdaşlarının da aylıq internet xərcləri vətəndaşlarla eynidir, lakin onlar bu xərcləri ödəmək imkanına malikdirlər, sadə vətəndaşlarımız isə seçim imkanı olmadığından internet xidmətlərinə məcburən yüksək qiymətlərlə bağlıdır”.
Osman Gündüz qeyd edib ki, İKTA-nın qiymətlərə qarışmır deməsi yalançı mövqedir, çünki sürətin artırılması göstərişi dolayısı ilə qiymət artımına təkan verir. O, tənzimləyici qurumun vətəndaşların maraqlarını müdafiə etmək, bazarda dövlət provayderlərinin mövqeyini düzgün tənzimləmək və rəqabəti artırmaq üzərində işləməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, son illərdə RİNN tərəfindən aparılan siyasət nəticəsində ölkədə yüksək sürətli internet infrastrukturu yaradılıb, lakin vətəndaşlara sərbəst seçim imkanları verilməyib. Dövlət provayderləri, xüsusən “Aztelekom” və “Azercell”, bazarda qiymətləri yüksəltməyə meylli olub və özəl provayderlər də bu addımlardan sonra qiymətləri artırırlar.
Gündüz təklif edib ki, İKTA absurd və səmərəsiz “sürəti artırın” göstərişləri yerinə internet bazarının liberallaşdırılması, dövlət provayderlərinin özəlləşdirilməsi və vətəndaşlara tələbata uyğun seçim imkanlarının yaradılması üçün çalışmalıdır.
Rasim Əliyev