Əsir götürülən erməni zabit:
“Polkovnik Vartanyan məni yanına çağırıb əmr etdi ki...”- VİDEO
Avqustun 23-də Goranboy rayonu istiqamətində təxribata cəhd edərkən saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyan açıqlama verib.
Zərərsizləşdirilən erməni zabiti özü haqqında geniş məlumat verərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatdan danışıb.
Q.Alaverdyan Ermənistan Silahlı Qüvvələrində qulluq etdiyini və kəşfiyyat tapşırığı ilə Azərbaycan tərəfə keçdiyini etiraf edib. Qeyd edək ki, avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.
Əsir götürülmüş erməni zabiti deyib ki, xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik Vazgen Vartanyan bir neçə kəşfiyyatçı ilə birlikdə onu yanına çağırıb və Azərbaycan ordusunun Goranboy istiqamətindəki mövqelərindən birinə qarşı diversiya əməliyyatına hazırlaşmağı tapşırıb. Onun sözlərinə görə, komandirin qarşıya qoyduğu vəzifə mümkün qədər çox Azərbaycan əsgərini öldürməkdən, habelə mümkün olsa onları əsir götürməkdən ibarət idi.
Q.Alaverdiyan bildirib ki, onlar 20 gün ərzində kəşfiyyat qrupu ilə birlikdə hazırlıq keçiblər, avqustun 23-də isə hava şəraitinin əlverişli olmasından istifadə edərək təxminən 02.30 radələrində Azərbaycan ordusunun mövqelərinə doğru hərəkət eiblər. “Lakin biz döyüş postunun ərazisinə daxil olanda həyacan siqnalı işə düşdü və biz geri çəkilməyə məcbur olduq. Mənim qrupumun üzvləri qaça bildi, amma dumana görə mən istiqaməti düzgün seçə bilmədim və əsir götürüldüm”,-o deyib.
Erməni zabit daha sonra bildirib: “Ermənistan silahlı qüvvələrinin zabiti olaraq mən Azərbaycanın işğal altında olan ərazilərində xidmətimi davam etdirmək istəməmişəm. Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında bu ərazidə xidmətə cəlb edilmişəm. Törətdiyim əmələ görə peşmanlıq hissi keçirməklə yanaşı, mənim kimi Ermənistan silahlı qüvvələri tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm”.
O qeyd edib ki, saxlanıldıqdan sonra təsəvvürlərinin tam əksinə olaraq ona qarşı heç bir qeyri-insani davranış, işgəncə, təzyiq olunmayıb: “Eyni zamanda qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bilik-bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.
Təxribatçı erməni komandirinin video-açıqlamasını təqdim edirik: