Der Spiegel:
Aleksey Navalnını “Noviçok” maddəsi ilə zəhərləyiblər
Xəbər verildiyi kimi, Rusiya müxalifətinin əsas siması Aleksey Navalnının birdən-birə halının pisləşməsi və komaya girməsi ilə bağlı alman həkimlər artıq ilk rəyini verib.
Korrupsiya ilə mübarizə fondunun rəhbərinin zəhərlənməyə məruz qaldığı artıq təsdiqlənib.
Almaniyanın “Der Spiegel” jurnalının yazdığına görə, Aleksey Navalnının müalicə aldığı “Charite” xəstəxanasının ekspertləri Bolqarıstana sorğu göndərərək bolqar biznesmen və silah alverçisi Yemelyan Gevrevin 2018-ci ildə zəhərlənməsi hadisəsini öyrənməyə çalışıblar.
Jurnalla bilrikdə çalşan “Bellingcat” araşdırma qrupunun xəbərinə əsasən, hər iki halda vaxtilə SSRİ xüsusi xidmət orqanlarının kimyəvi laboratoriyalarında hazırlanan “Noviçok” kod adlı, sinir iflicinə səbəb olan zəhərdən istifadə edilib.
Almaniya həkimlərini belə bir fikrə gəlməyə vadar edən səbəb hər iki halda qurbanların qanlarında fosfororqanik maddələrə rast gəlinməsidir. Yenelyan Gebrev də öncə güclü göz ağrısından şikayət edərək huşunu itirmiş və komaya girmişdi. Bənzər simptomlar təyyarədə və Omsk xəstəxanasına çatdırılmazdan əvvəl Aleksey Navalnıda müşahidə edilib.
“Der Spiegel” və “Bellingcat”ın məlumatına əsasən, Aleksey Navalnının orqanizmi orqanik fosfat ailəsinə daxil olan insektisid və sinir toksinləri ilə zədələnib. Buraya zarin qazı və “Noviçok” da aid edilir.
Bolqar biznesmen Yemelyan Gebrev 2015-ci ilin aprelində paytaxt Sofiyada bir restoranda yemək yeyərkən özünü pis hiss edib. Onunla birlikdə oğlu və dostu da zəhərlənməyə məruz qalıb.
Siyasi müşahidəçilərin fikrincə, Yemelyan Gebrevin adının Gürcüstana silah satılması işində hallanması onu rus kəşfiyyatının hədəfinə tuş gətirib.
Qeyd etmək lazımdır ki, orqanik forsfatların kimyəvi silaha çevrilərək istifadə olunması almanların kəşfi sayılır. 1930-cu illərdə faşist Almaniyasının gizli laboratoriyalarında onun əsasında tabun (1936) və zarin (1939) kimi sinir iflicinə səbəb olan maddələr hazırlanıb. Üçüncü Reyxin məhvindən sonra onların işləri sovet alimləri tərəfindən davam etdirilib.