SƏNƏDSİZ EVLƏRLƏ BAĞLI MÜHÜM YENİLİKLƏR - 100 min sənədsiz evin amnistiyası verilir
Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq.
Bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, fərman 2015-ci ildə qəbul edilmiş 439 nömrəli sənədə əlavə və dəyişiklikləri nəzərdə tutur: “Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır. Proqnozlara əsasən, bu dəyişikliklər 100 minə yaxın ailəyə hüquqi qeydiyyatla bağlı imkanlar təqdim edəcək”.
N. Alimova qeyd edib ki, bu fərman ölkədə sənədsiz evlərlə bağlı məsələnin həllinə mühüm töhfə verir və onilliklərdir mübahisəli vəziyyətdə qalan əmlakların statusunu hüquqi müstəviyə çıxarır.
Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.
Fərmana əsasən, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblər yumşaldılıb. Belə ki, həmin əmlaklar üzərində hüquqların təmin edilməsi zamanı şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək.
Bundan başqa, qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq.
***
Prezident İlham Əliyevin imzaladığı yeni qanun dəyişikliyi daşınmaz əmlakın qeydiyyatı sahəsində mühüm yenilik gətirib. Belə ki, artıq torpaq təyinatında qeyri-müəyyənlik və ya sistemdə fərq olduğu halda məsələ illərlə uzanmayacaq – qeydiyyat orqanlarına 15 iş günü ərzində məsələni aydınlaşdırmaq və qərar vermək öhdəliyi qoyulub.
Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən dəyişikliklər qeydiyyatsız evlərin çıxarış almasını sürətləndirəcək və vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına xidmət edəcək.
Deputat bildirib ki, yeni dəyişikliyə əsasən, əgər vətəndaş daşınmaz əmlakını qeydiyyata almaq üçün müraciət etdikdə, onun təqdim etdiyi sənədlərlə dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlməzsə, bu zaman qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü ərzində yerquruluşu sənədlərini təhlil etməklə araşdırma aparmalı olacaqlar.
Vüqar Bayramovun sözlərinə görə, araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdəki məlumatlar təsdiqini taparsa, əmlak dövlət qeydiyyatına alınacaq və torpaq kadastrında da uyğun düzəlişlər aparılacaq.
Deputat əlavə edib ki, bu mexanizm əvvəllər illərlə çəkən vətəndaş şikayətlərinin qarşısını almağa və bürokratik gecikmələrin aradan qaldırılmasına imkan verəcək.
O vurğulayıb ki, bu dəyişikliklər xüsusilə tikinti məqsədilə istifadə edilən, lakin sənədlərində təyinatla bağlı uyğunsuzluq olan torpaq sahələri üçün hüquqi statusun rəsmiləşdirilməsinə şərait yaradacaq. Məsələn, vətəndaşın sənədində torpaq tikinti üçün nəzərdə tutulubsa, lakin dövlət reyestrində bu kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunubsa, bu zaman aidiyyəti qurumlara sorğular göndərilərək 15 gün ərzində sənədlər dəqiqləşdiriləcək.
Vüqar Bayramov sonda bildirib ki, bu dəyişiklik yalnız texniki deyil, hüquqi baxımdan da mühüm əhəmiyyət daşıyır: “Yeni qaydalar mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından da vacib hüquqi islahatdır”.
Rasim Əliyev