“RUSİYA TƏK QALIB”- “Döyüş meydanında müttəfiqimiz yoxdur”
“Bizim görəcəyimiz çox iş var. Bunlardan ən vacibi qələbə qazanmaqdır. Rusiya tarixdə ilk dəfədir ki, bütün Qərbə qarşı təkbaşına döyüşür. Birinci Dünya müharibəsində, İkinci Dünya müharibəsində bizim müttəfiqlərimiz olub. İndi döyüş meydanında müttəfiqimiz yoxdur. Ona görə də özümüzə arxalanmalıyıq, heç bir zəifliyə yol verməməliyik".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya gənclər forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, qarşıdan gələn onillik bir çox çağırışlara, o cümlədən NATO-nun fəaliyyətinə görə çətin olacaq. Lavrovun sözlərinə görə, Rusiyanın mövqeyi dəyişməz olaraq qalır: Moskva Ukraynadan NATO-ya üzv olmaqdan imtina etməyi, alyansın genişlənməsini dayandırmağı və “yerdəki reallıqları” tanımağı tələb edir.
Lavrov Qərblə mövcud münasibətləri ayrıca şərh edib. O qeyd edib ki, vəziyyətin gərginləşməsinə baxmayaraq, Qərb ölkələrində hələ də Rusiyanın dialoq aparmağa hazır olduğu “ağıllı qüvvələr” var. Nümunə kimi o, ABŞ Prezidenti Donald Trampın komandası ilə ünsiyyəti göstərib.
O əlavə edib ki, Rusiya həmişə, hətta ən gərgin dövrlərdə, o cümlədən Soyuq müharibə dövründə də dialoqun tərəfdarı olub. Lakin onun sözlərinə görə, o dövrdən fərqli olaraq, bu gün tərəflər arasında qarşılıqlı hörmət yoxdur. Lavrov bu vəziyyətin yaranmasında ilk növbədə Avropanı günahkar kimi qələmə verib.
Press-fakt