Rusiya Azərbaycan məhsullarının əsas alıcısı oldu - İlk 6 ayın ixrac rəqəmləri açıqlandı
2025-ci ilin yanvar–iyun aylarında Azərbaycanın qeyri-neft məhsullarını ən çox idxal edən ölkə Rusiya olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi aylıq “İxrac icmalı”nda qeyd olunub.
Rəsmi məlumatlara əsasən, cari ilin ilk yarısında Azərbaycandan Rusiyaya ümumilikdə 586 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artım deməkdir.
İxracın həcminə görə ikinci yerdə Türkiyə qərarlaşıb. Bu ölkəyə qeyri-neft məhsullarının satışı 287,2 milyon dollar təşkil edib. Amma bu, ötən ilin ilk yarısı ilə müqayisədə 6,4% azalma deməkdir.
Üçüncü yerdə isə Gürcüstan gəlir. Bu ölkə Azərbaycandan 154,8 milyon dollar dəyərində məhsul alıb ki, bu da 36,1% artım deməkdir.
İlk beşlikdə yer alan digər ölkələr isə İsveçrə və Ukrayna olub. İsveçrəyə ixrac 2,5 dəfə artaraq 151,5 milyon dollar, Ukraynaya isə 1,9 dəfə artaraq 95,8 milyon dollar təşkil edib.
Yalnız iyun ayının göstəricilərinə baxdıqda da Rusiya lider mövqeyini qoruyub – bu ölkəyə 143,1 milyon dollar dəyərində məhsul göndərilib ki, bu da 24,8% artım deməkdir.
Eyni dövrdə digər əsas alıcılara qeyri-neft ixracının həcmi belə olub:
Türkiyə – 35,9 milyon dollar (14,5% azalma),
Gürcüstan – 29,3 milyon dollar (63,7% artım),
İsveçrə – 23,6 milyon dollar (1,7 dəfə artım),
Ukrayna – 19,3 milyon dollar (1,8 dəfə artım).
Press-fakt