“AZƏRBAYCAN CƏSARƏTLƏNİB VƏ BU...”- Rusiyaya arxalanan Koçaryan ermənilərə nə vəd edir?
Rusiyanın Ermənistandakı bir nömrəli adamı – agenti və qulbeçəsi olan Robert Koçaryan erməni mətbuatına yeni müsahibəsində növbəti dəfə ermənilərin yeganə “nicatının” Rusiya olduğunu bildirib.
Bu uşaq qatlinin fikrincə, “Azərbaycan Qarabağa nəzarəti ələ keçirdikdən sonra Rusiya ilə münasibətlərdə ehtiyatlı olmaqda maraqlı deyil və indi sadəcə olaraq Rusiyanın Azərbaycan üzərində təsir rıçaqlarının xeyli zəiflədiyini nümayiş etdirir: “Bu, birbaşa Qarabağda baş verən hadisələrin nəticəsidir. Azərbaycan daha da cəsarətlənib, həmçinin o, Avropanı neft və qazla təmin etməkdə müəyyən dərəcədə Rusiyanı əvəz edir. Onlar bundan faydalanmağa çalışırlar və daha cəsarətli davranış nümayiş etdirirlər. Bu, gözlənilən idi".
O, Rusiyanın deyil, guya Ermənistan Respublikasının maraqları və təhlükəsizliyi haqqında düşündüyünü iddia edib. Kriminal ünsür deyib ki, Ermənistana qarşı təhlükələrin önünü yalnız Rusiya ala bilər: "Gəlin anlamağa çalışaq ki, bu regionun hansı dövlətləri Ermənistan Respublikası üçün təhlükə yaradır. Birbaşa təhlükə Türkiyə və Azərbaycandır. Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, Sevan(Göyçə gölü-red.) onlarındır, Yerevan İrəvandır və Azərbaycan şəhəridir, Zəngəzur Azərbaycanındır. Növbəti addımda anlamalıyıq ki, regionda marağı və Azərbaycanla Türkiyəni durdurmaq imkanları olan ölkə hansıdır. Bu ölkə, hansı tərəfə baxsan, əlbəttə Rusiyadır, Fransa deyil. Fransanın burada həyati maraqları yoxdur, Fransa ordusu 200 min nəfərdir, onların da 50 mini həqiqətən döyüşə hazırdır və deyirlər ki, artıq heç onlar da yoxdur. Azərbaycanı və Türkiyəni durdurmaq üçün yeganə imkan Rusiyadır… Bəs Ermənistan rəhbərliyi nə etdi? Rusiya ilə qarşıdurma təşkil edir və Ermənistana birbaşa təhlükə yaradan ölkələrlə dostluq etməyə çalışır… Azərbaycan və Türkiyənin Ermənistana qarşı iştahını durdurmağın yeganə yolu Rusiyadır. Əgər kimsə deyirsə ki, bu, ABŞ-dir, bu səhvdir. Onların(ABŞ-nin) regionda bunu etməyə nə imkanları, nə də arzusu var”.
Göründüyü kimi, Koçaryan açıq şəkildə Ermənistanın Rusiyanın vassalı və forpostu olmaqdan başqa guya yaşamaq şansının olmadığını iddia edir. Bəs ermənilər buna inanırmı? Bu siyasət ölüm, faciələr və məhv olmaq təhlükəsindən başqa ermənilərə nə vəd edir?
Əgər düşünsələr, məhz Koçaryanın və “silahdaşı” Serj Sarqsyanın yürütdüyü bu ruspərəst, Azərbaycanla düşmənçilik və işğalçılıq siyasəti Ermənistan üçün acı, biabırçı məğlubiyyət və on minlərlə erməninin Azərbaycan Ordusu tərəfindən məhv edilməsilə sonuclandı. Ancaq görünür, bu da ona və onun kimilərə hələ dərs olmayıb…
C.Məmmədli