PUTİNİN XƏYALINDAKI “QƏLƏBƏ”...- ABŞ Moskvanı buna doğru itələyir
Rusiyanın “suyunu sıxmaq” bahasına Ukraynanın işğalı mümkündürmü?
ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün Vladimir Putinə verdiyi 10 günlük vaxt avqustun 8-də bitir. Trampın özünə xas tərzdə öncəki 50 günlük möhləti qəflətən qısaltması sadəcə, onun səbrinin daşmasından, əsəblərini cilovlaya bilməməsindən irəli gəlmir və sözsüz ki, düşünülmüş siyasi fənddir.
Tramp Putinin siyasi marionetkası və hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedevin sərsəm paylaşımına və ABŞ-yə ünvanlanmış hədələrinə kəskin reaksiya göstərib və deyib ki, o, “çox təhlükəli əraziyə daxil olur”. Bundan sonra Donald Tramp iki atom sualtı qayığının “müvafiq mövqelərdə” yerləşdirilməsinə göstəriş verib. ABŞ-nin strateji hücum nüvə qüvvələrində önəmli yer tutan “Ohayo” sinfindən olan 14 atom sualtı qayığı qitələrarası “UGM 133-A Trident II (D5)” ballistik və “Tomahawk” qanadlı raketləriylə təchiz olunub. Ola bilsin ki, Putin Trampın göndərdiyi ultimatumu ciddi qarşılamayıb və buna görə də həmişəki kimi Medvedevi qabağa itələyib. Yəni, demək istəyirlər ki, biz heç kimdən qorxmuruq və müharibəni yalnız öz şərtlərimiz daxilində dayandıra bilərik.

Hazırda Rusiya ərazi işğalında yalnız “ilbiz sürəti” ilə qabağa gedə bilir. Rusiya döyüş meydanında ciddi nailiyyətlər əldə etmədiyindən bütün səyini Ukraynanın böyük şəhərlərinin bombalanmasına yönəldib. Əgər Putinin indiki intensivliklə daha üç il müharibə aparmaq imkanı varsa, demoqrafik problem yaşayan Ukraynanın buna tab gətirə biləcəyi şübhə altındadır. Putinin strateji hesablamaları da məhz bunun üzərində qurulub.
Düzdür, Rusiya böyük itkilər verir və onun iqtisadiyyatı, maliyyə-bank sistemi ağır yük altına salınıb, sosial layihələrə ayrılan pullar kəskin azaldılıb, mühüm infrastruktur obyektlərinin bərpası bir kənara atılıb, yoxsullaşma sürətlənir və sair. Lakin bunlar Kremli qətiyyən narahat etmir, onlar üçün vacib şərt Ukraynanın xəritədən silinməsidir.
Əslində, Putin müharibəni bəsit sxem əsasında aparır. Belə ki, Rusiya büdcəsinə neft və qaz satışı sayəsində pul axdıqca hərbi zavodlar işləyir və nəticədə, silah-sursat, mərmi, raket istehsalı kəsilmir. Rusiya ordusu “İskander K”, ”İskander M” ballistik və “X-101”, ”Kalibr” qanadlı raketlərindən daha çox istifadə edir. Son dövrlər ruslar “Şahed” PUA-ları üzərində ciddi təkmilləşdirmə aparıblar və indi hətta bu dronların reaktiv versiyaları da peyda olub. Ukrayna Rusiyanın çoxsaylı raket və dron hücumlarını tam dəf edə bilmir, çünki hələ ki, istənilən sayda Hava Hücumundan Müdafiə sistemləri ilə təchiz edilməyib. Ancaq yaxın dövrlərdə Ukrayna ordusunun 17 ədəd “Patriot” Zenit Raket Kompleksi alacağ gözlənilir. Ukrayna üçün digər xoş xəbər isə onun yaxın zamanlarda öz istehsalı olan 500 kilometrlik uçuş radiuslu ballistik raketlərə yiyələnəcəyidir.
Hələ Rusiya vahid orqanizm kimi total müharibə relsinə keçməyib, ancaq hadisələrin inkişaf dinamikası ona doğru gedildiyini göstərir və hiss edilir ki, ABŞ sanki Moskvanı buna doğru itələyir. Əlbəttə, bu, Rusiya üçün çox böyük riskdir, amma Vladimr Putinin son çıxışından belə anlaşılır ki, o, xəyalında qurduğu qələbə naminə Rusiyanın “suyunu sıxmaq” niyyətindədir. Putin deyib ki, Rusiya hərbi əməliyyatların gedişində guya heç yeri işğal etmir, bütün cəbhə boyu hücum edərək, özünə məxsus olanı geri qaytarır. O, əlavə olaraq bildirib ki, rus döyüşçüləri arasında əbəs yerə bir nəfər də ölməyib.
Tramp isə Rusiya itkiləri ilə bağlı “Truth Social” sosial şəbəkəsində maraqlı paylaşım edib. O, yazıb ki, Rusiya Ukraynadakı mənasız müharibədə təkcə iyul ayında 20 min əsgər itirib və 2025-ci ildə Rusiyanın itkilərinin ümumi sayı 112 500, Ukraynanınkı isə 8000 nəfər olub.

Ümumiyyətlə, Ukraynanın Rusiyanın təcavüzünə qarşı kəskin və səmərəli cavabı olmalıdır. Təbii ki, o, bunu təkbaşına etmək iqtidarında deyil. Ukraynaya ciddi yardım göstərə biləcək ABŞ və Avropanın strateji maraqlarının üst-üstə düşməsindən çox şey asılıdır. Rusiyanın silahlanmasına baxmayaraq, hərbləşmə ilə bağlı Avropada demək olar ki, hələ də əhəmiyyətli tədbirlər həyata keçirilməyib və müəyyən cüzi hərəkətlənmələr hələ bu il başlayıb. Ona görə də ABŞ-nin əlahiddə müdaxiləsinə böyük ehtiyac var və indi bu prosesin reallaşmasının işartıları görünməyə başlayır.
Rusiyanın susdurulmasında Trampın tətbiq edəcəyi sanksiyaların ağırlıq dərəcəsi xüsusilə önəmlidir. Bəzi ekspertlərin fikrincə, bu sanksiyalar Rusiya üçün problemlər yaratsa da, Çinin köməyi ilə onun öhdəsindən gəlinə bilər. Ancaq bu sanksiyaların birbaşa Çinə qarşı da yönələcəyini nəzərə alsaq, onda Pekinin nəyin bahasına olursa olsun Rusiyanı dəstkələyəcəyi inandırıcı görünmür.
Vaqif Nəsibov