Rusiyada benzin rekord həddə bahalaşdı - Ukrayna PUA-ları yanacaq bazarını “silkələyir”

Ukrayna PUA-larının son günlər Rusiya neftayırma zavodlarına endirdikləri effektiv zərbələr Rusiyanın enerji bazarını “silkələyib”. Rusiya mətbuatının yazdığına görə, artıq Sankt-Peterburq “Beynəlxalq Ticarət Birjası”nda Aİ-95 markalı benzinin birja qiyməti tarixdə ilk dəfə olaraq bir ton üçün 77 min rublu ötüb.
Bazardakı mənbə bahalaşmanı avqustun 2-də Ukrayna PUA-larının Rusiyanın neft emalı zavodlarına hücumu ilə əlaqələndirib. Bu hücumlar nəticəsində gündə təxminən 40 min ton neft emal edən bloklar zədələnib, onların bərpası isə bir aydan altı aya qədər vaxt çəkə bilər.
PUA hücumu səbəbindən “Rosneft”in Novokuybışevskdəki neft emalı zavodu fəaliyyətini tamamilə dayandırıb, Ryazandakı zavodun isə gücü iki dəfə azalıb.
Rusiya Energetika Nazirliyi öz növbəsində bazardakı vəziyyəti “sabit” adlandırıb. Nazirlik qeyd edib ki, neft şirkətləri vəziyyəti sabitləşdirmək, xaricə ixracı azaltmaq üçün əlavə benzin həcmlərini daxili bazara yönləndiriblər.
Rusiyada ən çox istifadə olunan AI-95 benzinidir. Onun ən yüksək qiyməti 2023-cü ilin sentyabrında bir tonu 76,9 min rubl olmaqla qeydə alınmışdı. İndi isə bu qiymət 77 min rublu ötüb.
Xatırladaq ki, iyulun 28-də Rusiya hökuməti avqustun sonuna qədər ölkədən benzin ixracına tam qadağa qoyub. Rusiya Nazirlər Kabineti bunu mövsümi tələbatın artması və kənd təsərrüfatı sahəsində aparılan işlərlə izah etsə də, əsas səbəbin davam edən içğalçılıq müharibəsinin yaratdığı anormal durum olduğu heç kimə sirr deyil.
Press-fakt