"Rusiya yeni müharibəyə hazırlaşır"- "Hədəf Cənubi Qafqaz ola bilər"
Rusiya 10 yeni diviziya yaratmağa hazırlaşır və bunlardan birini Ukrayna cəbhəsində aktivliyi artırmaq üçün istifadə edə bilər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyatçılar Şurasının sədri İvan Timoçko “24 Kanal”-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bir diviziya 3-4 briqadadan ibarət olur və ümumilikdə 10-15 min hərbçidən təşkil olunur. Beləliklə, Rusiya 10 diviziya formalaşdırmaqla yüz minlərlə əsgəri döyüş bölgələrinə yerləşdirə bilər.
“Bir ordu Sumi vilayətinə hücum edir, iki ordu birləşməsi isə Pokrovska doğru hərəkət edir. Bu isə o deməkdir ki, Rusiya ya cəbhə xəttini gücləndirməyə, ya da yeni bir istiqamətdə hücuma keçməyə hazırlaşır", – deyə Timoçko bildirib.
Ukrayna rəsmisi əlavə edib ki, ölkəsi bu təhlükəni neytrallaşdırmaq üçün yeni ehtiyat briqadalar formalaşdırmalıdır. Bu briqadalar mümkün təhdidlərə çevik cavab vermək üçün nəzərdə tutulacaq.
İvan Timoçko bildirib ki, yaradılacaq diviziyaların tərkibi də önəmlidir. Əgər bunlar piyada və ya motoatıcı diviziyalar olarsa, bu, hücum niyyətinin göstəricisidir. Lakin desant, dəniz piyadası və ya pilotsuz diviziyalar olarsa, bu qüvvələr Baltikyanı ölkələrə, Skandinaviya və ya Asiya istiqamətində də istifadə oluna bilər.
O, həmçinin Rusiyanın Cənubi Qafqaz regionuna yönələ biləcəyini də istisna etməyib:“Rusiya ilə Azərbaycanın münasibətləri gərginləşir. Putin üçün kiçik və tez bir zamanda qələbə gətirəcək müharibə lazım ola bilər. Gürcüstan Kreml tərəfindən nəzarətdə saxlanılan bir ölkə olaraq bu məqsəd üçün qurban seçilə bilər” – deyə Timoçko xəbərdarlıq edib.
Press-fakt