ZƏNGƏZUR dəhlizi AÇILIR və adı da belə olacaq...- Reuters
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək görüş sülh çərçivə sənədinin imzalanması ilə yekunlaşacaq.
Bu barədə Reuters məlumat yayıb.
ABŞ rəsmilərinin açıqlamasına görə, sənəddə Cənubi Qafqazda yerləşən və strateji əhəmiyyət daşıyan tranzit dəhlizi (Zəngəzur dəhlizi - red.) üzrə xüsusi inkişaf hüquqlarının ABŞ-a verilməsi də nəzərdə tutulur. Dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılacaq.
İmzalanacaq çərçivə sənədi Ermənistan və Azərbaycan arasında “sülhə konkret yol xəritəsi”ni müəyyən etməyi və uzun illərdir mübahisə mövzusu olan tranzit dəhlizi məsələsini həll etməyi hədəfləyir.
Dəhliz çərçivəsində Ermənistan ABŞ-a uzunmüddətli infrastruktur və idarəetmə hüquqları verməyə razılaşıb. ABŞ bu dəhlizi kommersiya əsaslı subpodratçılara icarəyə verəcək.
Trampın vasitəçiliyi ilə baş tutan görüş çərçivəsində Ermənistan və Azərbaycan liderləri həmçinin ATƏT-in 1992-ci ildə yaradılmış və Fransa, Rusiya, ABŞ-ın həmsədr olduğu Minsk Qrupunun rəsmi olaraq buraxılması üçün sənəd imzalayacaqlar./modern.az