Allahşükür Paşazadə haqda iddia yayıldı - Hacı Qalibdən reaksiya
Son vaxtlar Azərbaycanın müxtəlif bölgələrində yas mərasimləri zamanı ehsan verilməsi ənənəsi ləğv edilir. Lakin bu proses hələ də paytaxt Bakıda getmir. İllərdir iddia olunur ki, ehsan süfrələrinin tamamilə yığışdırılması mümkün deyil, çünki bu, artıq bir növ sənayeyə çevrilib. Bildirilir ki, sözügedən sahədən ciddi maliyyə əldə olunur və prosesi nüfuzlu şəxslər nəzarətdə saxlayır. İddialara görə, həmin şəxslərdən biri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir.
Məsələ ilə bağlı danışan sabiq deputat və Allahşükür Paşazadənin qudası Qalib Salahzadə (Hacı Qalib) bu iddiaların həqiqəti əks etdirmədiyini deyib.
Onun sözlərinə görə, yas mərasimlərində ehsan verilib-verilməməsi insanların öz istəyi ilə olmalıdır:
“Ata-anamızın, dünyasını dəyişmiş əzizlərimizin yas mərasimində ehsan verilməsinin nəyi pisdir ki? Elə insanlar var ki, ehsan verməklə təsəlli tapır. Bu, vətəndaşların şəxsi işidir. Əlbəttə, mən də təmtəraqlı ehsanların tərəfdarı deyiləm, istəmirəm ki, camaat əlavə xərcə düşsün. Amma ehsanın tamamilə ləğvini də düzgün hesab etmirəm”.
Qalib Salahzadə
Hacı Qalib əlavə edib ki, insanların şəxsi qərarlarına müdaxilə edilməsi doğru yanaşma deyil:
“Ehsanı qadağan etmək insanın öz işinə qarışmaq deməkdir. Bu, bizim əsrlərdir formalaşmış adətimizdir. Axı biz kiməsə deyə bilmərik ki, dünyasını dəyişmiş yaxınların üçün ehsan ver, ya vermə. Siyasəti elə aparmalıyıq ki, insanlar əlavə xərcə düşməsin. Amma onların fikrinə də hörmətlə yanaşmaq gərəkdir. Çünki bəziləri üçün ehsan vermək bir ehtiyacdır. Bu baxımdan proses könüllü şəkildə tənzimlənməlidir”.
Press-fakt