“Ukrayna Donetski versə, Putin atəşkəsə razıdır”- Rusiyanın şərti məlum oldu

Vladimir Putin ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffa Ukraynanın bütünlükdə Donetsk vilayətindən qoşunlarını çıxaracağı təqdirdə tam atəşkəslə razılaşacağını bildirib.
Bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, Putin Tramp administrasiyasına Ukraynada atəşkəslə bağlı radikal təklif təqdim edib. Xüsusilə, Kiyevdən hərbi əməliyyatların dayandırılması müqabilində əhəmiyyətli ərazi güzəştlərinə getməsini və işğal olunmuş ərazilər üzərində hüquqlarının qlobal şəkildə tanınmasını tələb edir.
Nəşr yazır ki, söhbət Donetsk vilayətindən gedir. Bu halda Rusiya Donetsk və Luqansk vilayətlərinə, eləcə də 2014-cü ildə zəbt etdiyi və suveren Rusiya ərazisi kimi tanınmasını istədiyi Krım yarımadasına nəzarət edəcək: “Uitkoff özü də Avropa rəsmiləri ilə söhbəti zamanı Rusiyanın təklifinin iki mərhələni əhatə etdiyini bildirib.
Birinci mərhələdə Ukrayna Donetsk vilayətindən geri çəkilməli, cəbhə xətti dondurulmalıdır. Bunun ardınca ikinci mərhələdə Putin və Tramp yekun sülh planını müəyyən edəcək və sonra bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə də razılaşdıracaqlar”.
Çərşənbə günü Trampla danışan ukraynalı rəsmi bildirib ki, Kiyev prinsipial olaraq heç bir təklifi rədd etmir, lakin atəşkəs növbəti addımlar üçün ilkin şərt olmalıdır.
Həmin təklifin bir hissəsi olaraq Putin Rusiyanın Ukraynaya və ya Avropaya hücum etməməyi öhdəsinə götürən qanun qəbul edəcəyinə söz verib./azpolitika