İsrail ordusu Suriyanın cənubunda bir neçə kəndi ələ keçirib
İsrail əsgərləri Suriyanın cənubundakı Əl-Kuneytra əyalətində bir neçə kəndə daxil olaraq orada nəzarət-buraxılış məntəqələri qurublar.
Məlumatı Suriyanın SANA agentliyi yayıb. Bildirilir ki, "İsrail işğalçı qüvvələri Əl-Kuneytra əyalətinin mərkəzi və cənub bölgələrində bir neçə kənd və qəsəbəyə daxil olub, nəzarət-buraxılış məntəqələri yaradıb və dinc əhali arasında axtarışlar aparıb". Xüsusilə, beş hərbi maşından ibarət kolon İsrailin işğalı altında olan Qolan təpələri ilə sərhəddə yerləşən Ər-Rafid şəhərinə daxil olub. Digər bir kolon vilayətin mərkəzi hissəsində, Dəməşqdən 70 km aralıda yerləşən Ruveyhinə kəndinə doğru irəliləyib. İşğaldan bir neçə saat sonra İsrail qüvvələri geri çəkilib.
Qeyd edək ki, iyulun 26-da Parisdə ABŞ-ın vasitəçiliyi ilə Suriya və İsrail nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Dəməşqdəki diplomatik mənbənin məlumatına görə, tərəflər Qolan təpələrində İsrail və Suriya qüvvələrinin döyüşdən çıxarılmasına dair 1974-cü il müqaviləsinin yenilənməsi imkanlarını müzakirə ediblər. Onun sözlərinə görə, Suriya tərəfi "İsrail qoşunlarının son zamanlar irəlilədikləri mövqelərdən dərhal çıxarılması" tələbini irəli sürüb.
Press-fakt