ALYASKA GÖRÜŞÜ UKRAYNA ÜÇÜN FƏLAKƏTLƏ BİTƏ BİLƏR - “Bu, Kiyev üçün arzuolunan ssenari deyil”
Zelenski Alyaskada qurulacaq masa arxasında özünə yer axtarır
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan sammit öncəsi Avropa İttifaqı və NATO-dan diplomatik dəstək alıb. Kiyev görüşün Ukraynanın iştirakı olmadan baş tuta biləcəyindən və onun nəticələrinin potensial olaraq Ukraynanın milli maraqlarını təhdid edə biləcəyindən qorxur.
Bu arada “Reuters”-in yazdığına görə, Zelenski Alyaskada keçiriləcək görüşdə masa arxasında özünə yer təmin etməyə çalışır.
Ağ Evin sözçüsü isə Alyaskadakı görüşdə Trampın Zelenskinin iştirakını istisna etmədiyini bildirsə də, hazırda danışıqların yalnız ikitərəfli formatının hazırlandığını deyib. Bu da öz növbəsində Ukrayna üçün heç də arzuolunan ssenari deyil.
Qərb ekspertləri xəbərdarlıq edir ki, Tramp və Putin arasında Ukrayna olmadan aparılan danışıqlar və əldə olunacaq mümkün həll variantı Kiyev və onun Avropadakı müttəfiqləri üçün fəlakət ola bilər. Bununla bağlı ABŞ Sent Endryus Universitetinin strateji tədqiqatlar professoru Filip O'Brayn deyib ki, "Alyaskada görəcəyimiz nəticə çox böyük ehtimalla Ukrayna və Avropa üçün fəlakət olacaq".
Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Finlandiya və Avropa Komissiyasının liderləri vurğulayıblar ki, istənilən sülh nizamlanmasında Ukrayna və Avropanın təhlükəsizlik maraqları nəzərə alınmalıdır. Aİ-nin xarici siyasət komissarı Kaja Kallas isə vurğulayıb ki, ABŞ və Rusiya arasında istənilən razılaşmaya Kiyev və Aİ də daxil olmalıdır.

NATO-nun baş katibi Mark Rutte sammitin Putin üçün “sınaq” olacağını deyib və Ukraynanın öz geosiyasi gələcəyini müəyyən etmək hüququna malik olduğunu vurğulayıb. Eyni zamanda, o, Rusiyanın işğal olunmuş Ukrayna əraziləri üzərində nəzarətinin hüquqi tanınması imkanlarını rədd edib. Bu baxımdan Avropanın Ukraynanın arxasında sona qədər durması və Trampa təsir rıçaqlarından(əgər varsa) istifadə etməsi olduqca önəmlidir.
Bu gərginlik fonunda Moskvadan sərt bəyanatlar eşidilir - Dmitri Medvedev və Mariya Zaxarova bazar günü Avropa və Ukrayna haqqında təhqiramiz fikirlər səsləndiriblər. Kreml təbliğatçıları isə durmadan Ukraynanın əlavə ərazi güzəştlərinə getməsinin qaçılmaz şərt olduğunu bildirirlər.
Bütün bunlar o deməkdir ki, Donald Trampın nə yolla olursa olsun Ukraynada atəşkəsə nail olmaq istəyi, Ukraynanın milli maraqlarına təhlükə yaradır. Belə ki, Putinlə “ərazi mübadiləsi” adı altında Ukraynanın öz ərazilərindən imtina etnməyə məcbur edilməsi Ukraynanın öz daxilində çaxnaşmalara və parçalanmaya səbəb ola bilər. Hər halda, bütün bu narahatlıqlara avqustun 15-dən sonra az-çox aydınlıq gələcək…
C.Məmmədli