Putinin Alyaska sammitində ƏSAS HƏDƏFİ AÇIQLANDI - ABŞ və Avropanı qarşı-qarşıya qoymaq
Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) hesab edir ki, Kreml bu həftənin cümə günü keçiriləcək ABŞ-Rusiya sammitindən Ukraynadakı müharibəni sülh yolu ilə bitirmək üçün real addımlar atmaqdan daha çox, ABŞ və Avropa arasında fikir ayrılığı yaratmaq məqsədilə istifadə edəcək.
Analitiklər vurğulayırlar ki, Rusiya hələ də əsas məqsədlərindən – Ukraynanın NATO-ya üzv olmasının qarşısını almaq, ölkədə pro-rus hökumətin hakimiyyətə gəlməsi və tam kapitulyasiya anlamına gələn demilitarizasiyadan – geri çəkilməyib. ISW-nin qiymətləndirməsinə görə, Kreml gələcəkdə hər hansı atəşkəs razılaşmasını pozmaq ehtimalı yüksəkdir və bunu Ukraynanı ittiham edərək həyata keçirməyə çalışacaq.
Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropanı ABŞ-ın müharibəni dayandırmaq səylərinə mane olmaqda ittiham edib. Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski də Avropa ölkələrinin “anti-Rusiya siyasəti” apararaq sülh prosesini ləngitdiyini iddia edib.
Politoloq Sergey Markov bildirib ki, “Alyaskada keçiriləcək sammitdə Putinin əsas məqsədi ABŞ və Avropa arasında ziddiyyət yaratmaq, Rusiyanı isə sülhə maneə kimi göstərməkdir” və Kreml tərəfinin heç bir güzəştə getməyəcəyini vurğulayıb.
ISW ekspertləri xatırladır ki, Kreml uzun müddətdir ABŞ, Avropa və Ukrayna arasında birliyi sarsıtmaq, Qərbin Kiyevə dəstəyini azaltmaq və Putinin irəli sürdüyü ilkin şərtlərdən imtina etmədiyi faktını kölgədə qoymaq üçün kampaniya aparır.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada görüş 15 avqustda keçiriləcək./azpolitika