Rusiyadan AZƏRBAYCAN MALLARINA QADAĞA TƏLƏBİ - Kimə daha çox ziyan vuracaq?
Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək bildirib ki, “əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək”.
Bəs, doğrudanmı Azərbaycanın Rusiyadan iqtisadi asılılığı var? Potensial ticarət məhdudiyyətləri hansı ölkəyə daha çox zərər vura bilər?
İqtisadçı, feputat Vüqar Bayramov bildirib ki, hər iki ölkənin rəsmi statistikası təsdiqləyir: idxal qadağası tətbiq ediləcəyi halda uduzan tərəf Azərbaycan deyil, məhz Rusiya olacaq. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar təşkil edib. Bunun 3 milyard 621 milyon dolları Rusiyadan idxal, 1 milyard 178 milyon dolları isə Azərbaycandan ixrac olub.
“Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni Rusiya təkcə ötən il bu ticarətdən 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə hər hansı qadağalar Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq və bundan daha çox Rusiyalı iş adamları ziyan görəcək”, – deyə deputat vurğulayıb.
Bayramov qeyd edib ki, Azərbaycanın Rusiyaya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4,4 faizini təşkil edir.
Deputat əlavə edib ki, Rusiyadan Azərbaycana pul köçürmələri də son illərdə kəskin azalıb: 2024-cü ildə fiziki şəxslər tərəfindən göndərilən vəsait 496 milyon 753 min dollar olub ki, bu da əvvəlki illə müqayisədə 53 faiz azdır. Onun sözlərinə görə, remittenslərin ÜDM-də payı 3 faizdən azdır və bu, region üzrə ən yaxşı göstəricilərdən biridir.
“Deməli, nə Rusiyadan, nə də başqa ölkədən pul köçürmələri baxımından asılılığımız yoxdur”, – deyə Bayramov əlavə edib.
“Göründüyü kimi, hətta Rusiyanın öz rəsmi statistikası belə Dumanın bəzi deputatlarının dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar”, – deyə millət vəkili sonda bildirib.
Press-fakt