Rusiya XİN-dən Zəngəzur dəhlizi açıqlaması - “Bu nəzərə alınmalıdır...”
Rusiya Xarici İşlər Nazirliyi Zəngəzur vilayətindən keçən kommunikasiya yollarının bərpası zamanı bölgədəki rus sərhədçilərinin mövcudluğunun nəzərə alınmasının vacibliyini vurğulayıb.
Bu barədə Rusiya XİN-in İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeev 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanmış üçtərəfli bəyannaməni şərh edərkən bildirib.
Fadeev qeyd edib ki, Rusiya 2020–2022-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmaları aktual hesab edir, çünki tərəflərdən heç biri onlardan çıxış barədə bəyanat verməyib.
O, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlandırılacaq layihənin detallarının hələ açıqlanmadığını, amma Rusiya XİN-in onları öyrənəcəyini söyləyib.
“Biz həmçinin vurğulamışıq ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və Sünikdə rus sərhədçilərinin mövcudluğu nəzərə alınmalı amillərdir”, – deyə Fadeev əlavə edib.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənədə əsasən, Ermənistan ABŞ-a Sünikdən keçən Naxçıvan–Azərbaycan yolunun (“Tramp marşrutu”) inkişafı üzrə 99 illik eksklüziv hüquqlar verəcək. ABŞ bu ərazini infrastruktur və idarəetməyə cavabdeh konsorsiuma subarendaya verməyi planlaşdırır.
Press-fakt