Vilayəti Ermənistana xəbərdarlıq etdi: “Regionun taleyini region ölkələri həll etməlidir”
İranın ali dini lideri Əli Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşüb.
İran mətbuatı yazır ki, görüşün əvvəlində Kostanyan bölgədə baş verən son hadisələr və Vaşinqtonda keçirilən danışıqlar barədə açıqlamalar verib və iki ölkə arasında tarixi münasibətlərin və mehriban qonşuluğun qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
İranın “Mehr” agentliyinin yaydığı rəsmi məlumata görə, bundan öncə Azərbaycanı hədələyən Vilayəti isə indi də Ermənistana “barmaq silkələyib”. Vilayəti Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşmasını nəzərdə tutaraq, Kostanyana xəbərdarlıq edib ki, “İran öz təhlükəsizliyinə qarşı heç bir addıma dözməyəcək”.
Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri olan Vilayəti erməni nazir müavininə deyib ki, “regionun taleyini müstəsna olaraq region ölkələri həll etməlidir”.
Beləliklə də İran indiyə qədər arxasında durduğunu bəyan etdiyi “qardaş Ermənistanın” hakimiyyətini hədələməyə başlayır. Bu onu göstərir ki, Vaşinqtonda Zəngəzur razılaşmasının əldə edilməsindən sonra İranla Ermənistan arasında gərginliyin mümkünlüyünü proqnoz edənlər yanılmır. Çünki fars rejimi heç cür region ölkələrinin müstəqil qərar qəbul etmək haqqını tanımaq və bununla hesablaşmaq istəmir. Lakin buna məcburdur və kənardan bu cür boş hədə-qorxular gəlməkdən başqa heç nə edə bilmir…