DÜNYADA ZORAKILIQ ARTIR: Münaqişələr son 70 İLİN ƏN YÜKSƏK SƏVİYYƏSİNDƏDİR

Dünya İkinci Dünya Müharibəsindən sonrakı dövrdən bəri müşahidə olunmayan münaqişə artımının şahidi olur.
Press-fakt xəbər verir ki, 2024-cü ildə dövlət əsaslı silahlı münaqişələrin son yeddi onillikdə rekord göstəricisi olacağı gözlənilir.
Bu barədə Oslo Sülh Araşdırmaları İnstitutunun (PRIO) “Münaqişə meylləri: Qlobal baxış” adlı yeni hesabatında bildirilir. Sənədə əsasən, 2023-cü ildə 36 ölkədə ümumilikdə 61 münaqişə qeydə alınıb.
PRIO-nun Tədqiqat Direktoru Siri Aas Rustad artan zorakılığı dəyərləndirərkən bildirib: “Bu, sadəcə müvəqqəti artım deyil. Bu, daha dərin bir struktur dəyişikliyidir. Dünya indi on il əvvəllə müqayisədə həm daha şiddətli, həm də daha parçalanmış vəziyyətdədir.”
Hesabatın əsasını təşkil edən Uppsala Münaqişə Məlumat Proqramının (UCDP) məlumatlarına görə, 2024-cü ildə təxminən 129 min nəfər silahlı münaqişələr nəticəsində həyatını itirib. Bu rəqəm 2023-cü ildəki yüksək qurban sayı ilə eyni səviyyədə olsa da, son 30 ilin orta göstəricisindən əhəmiyyətli dərəcədə yüksəkdir.
Qeyd olunur ki, 2024-cü il Soyuq Müharibənin başa çatmasından bəri qeydə alınan dördüncü ən ölümcül il olub.