Tramp imzaladı, 907-ci DÜZƏLİŞİN TƏTBİQİ DAYANDIRILDI - RƏSMİ/FOTO

ABŞ Federal Hökumətinin rəsmi jurnalı Federal Register-də ABŞ prezidenti Donald Trampın Azərbaycana aid Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə imzaladığı memorandumun mətni dərc olunub.
Press-fakt xəbər verir ki, sənəddə deyilir:
“ABŞ Konstitusiyası və qanunlarının, o cümlədən 2002-ci il Xarici əməliyyatların maliyyələşdirilməsi, ixracatın maliyyələşdirilməsi və əlaqədar proqramlar haqqında Qanunun (Qanun №107-115) II bölməsi ilə mənə verilmiş səlahiyyətlərə əsaslanaraq müəyyən edir və təsdiq edirəm ki, Azadlığa Dəstək Aktının (Qanun №102-511) 907-ci düzəlişinin Azərbaycana münasibətdə dayandırılması:
- ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək üçün zəruridir;
- ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı mübarizədə döyüş hazırlığını təmin etmək üçün vacibdir;
- Azərbaycanın sərhədlərinin təhlükəsizliyi baxımından əhəmiyyətlidir;
- Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması üzrə aparılan danışıqlara mane olmayacaq və Ermənistana qarşı hücum məqsədilə istifadə edilməyəcək.”
Trampın qərarına əsasən, 907-ci düzəlişin tətbiqinə qoyulan məhdudiyyətlərin qüvvədən düşməsi müddəti uzadılıb.
ABŞ dövlət katibinə bu qərarı Federal Register-də dərc etmək və izahat məktubu ilə birlikdə Konqresin müvafiq komitələrinə göndərmək tapşırılıb.
Qeyd edək ki, Donald Tramp bu sənədi 8 avqust 2025-ci ildə imzalayıb.