ZELENSKİ TƏCİLİ VAŞİNQTONA GEDİR - Ukrayna liderindən Alyaska sammiti ilə bağlı ilk açıqlama
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Rusiya liderlərinin Alyaska görüşündən sonra ABŞ Prezidenti Donald Trampla “uzun və mənalı” söhbət etdiyini deyib. Bu barədə Ukrayna lideri Telegram-da məlumat verib.
O qeyd edib ki, əvvəlcə Trampla bir saatdan çox təkbətək danışıb, sonra isə Avropa liderləri söhbətə qoşulub. Ümumilikdə saat yarımdan çox danışıblar.
"Ukrayna bir daha təsdiq edir ki, sülh naminə mümkün qədər məhsuldar işləməyə hazırdır. Prezident Tramp mənə Rusiya lideri ilə görüşü, söhbətin əsas məqamları barədə məlumat verdi. Amerikanın gücünün vəziyyətin inkişafına təsir etməsi vacibdir", - Zelenski yazıb.
O qeyd edib ki, Ukrayna Trampın Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyir, çünki əsas məsələlər yalnız liderlər səviyyəsində müzakirə edilə bilər.
Zelenski Trampın dəvəti ilə Vaşinqtona səfər edəcəyini də bildirib.
"Bazar ertəsi Vaşinqtonda Prezident Trampla qətllərə, müharibəyə son qoymaqla bağlı bütün detalları müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram".
O, həmçinin Amerika ilə birlikdə təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi üçün avropalıların bütün mərhələlərdə iştirakının vacibliyini vurğulayıb.
"Biz Amerika tərəfinin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakla bağlı müsbət siqnallarını müzakirə etdik. Biz mövqelərimizi bütün tərəfdaşlarla əlaqələndirməyə davam edirik", - Zelenski yazıb.
Press-fakt