"Biz Cənubi Qafqazda xarici qüvvələrin iştirakını faydalı hesab etmirik"- İrandan Ermənistana xəbərdarlıq
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı yeni açıqlamalar verib.
O bu bölgənin İran, Rusiya və digər regional ölkələr üçün siyasi, iqtisadi və geosiyasi baxımdan əhəmiyyət daşıdığını bildirib.
Baqai qeyd edib ki, İran hadisələri diqqətlə izləyir və vəziyyəti nə dramatikləşdirir, nə də ki, dəyərindən az qiymətləndirir.
“Bəzi şərhlər yanlış məlumatlara əsaslanır və bu, İranla Cənubi Qafqaz ölkələri arasında münasibətləri pozmağa yönəlmiş ola bilər,” – deyə o, xəbərdarlıq edib və belə ifadələrdən çəkinməyə çağırıb.
İran rəsmisi Ermənistanla sərhəd məsələsinə də toxunaraq bildirib ki, bu məsələ çox həssaslıqla və diqqətlə həll olunmalıdır. O əlavə edib ki, regionda xarici müdaxilə İran üçün "qırmızı xətt"dir: “Biz Cənubi Qafqazda region xarici qüvvələrin iştirakını faydalı hesab etmirik. Belə bir müdaxilə yalnız geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirir".
Ermənistanla bağlı olaraq, Baqai bildirib ki, dəmir yolunun bərpası yerli şirkətlərin və Ermənistan qanunları çərçivəsində qeydiyyatdan keçmiş bir Amerika şirkətinin iştirakı ilə həyata keçiriləcək. Onun sözlərinə görə, bu layihə çərçivəsində sərhədlərdə heç bir xarici hərbi qüvvənin yerləşdirilməsi planlaşdırılmır.
Baqai sonda vurğulayıb ki, İran regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə əməkdaşlığa hazırdır: “Biz Cənubi Qafqaz ölkələri ilə yaxşı münasibətləri dəstəkləyirik və regionun təhlükəsizliyini özümüz üçün də vacib hesab edirik".
Press-fakt