Macarıstan Rusiyadan neft tədarükünü dayandırdı - Nazir Ukraynanı ittiham edir
Macarıstanın Xarici işlər naziri Peter Siyarto bildirib ki, Rusiyadan ölkəyə neft tədarükü neft kəmərinə edilən hücum səbəbindən dayandırılıb. Nazir qeyd edib ki, “Kiyev yenidən infrastrukturu hədəf alıb”, bu isə Budapeştin enerji təhlükəsizliyinə növbəti zərbədir.
Siyarto hücumun dəqiq vaxtı və yerini açıqlamayıb. O, Rusiyanın Energetika Nazirliyinin müavini Pavel Sorokinə istinad edərək bildirib ki, kəmərin işləməsini təmin edən transformator stansiyası bərpa olunur, lakin neft tədarükünün nə vaxt bərpa ediləcəyi məlum deyil.
Nazir həmçinin vurğulayıb ki, Budapeştin Moskva və Kiyev arasındakı müharibə ilə heç bir əlaqəsi yoxdur.
“Ukrayna qərarvericilərinə xatırlatma: Macarıstandan gələn elektrik ölkənizin enerji təminatı üçün həyati önəmlidir”, – deyə Siyarto X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, 13 avqustda Siyarto Ukraynanın pilotsuz təyyarəsi tərəfindən Bryansk vilayətindəki əsas paylayıcı stansiyaya hücum barədə məlumat vermişdi. Yerli hakimiyyət orqanları xəbər verib ki, HIMARS raketləri və pilotsuz uçuş aparatları ilə kombinə olunmuş zərbə nəticəsində Uneça rayonundakı yanacaq infrastrukturunda yanğın baş verib.