“RUSİYAYA CAVAB VERMƏK LAZIMDIR!”- “Bu silahları Ukraynaya sata bilərik...”
“Azərbaycanın etirazlarına baxmayaraq, SOCAR-ın obyektlərini hədəfə alan Rusiyaya əlavə bəyanat ünvanlamadan cavab vermək lazımdır”.
Press-fakt xəbər verir ki, bunu politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov bildirib,
O, xatırladır ki, Rusiya Azərbaycanın etirazlarına baxmayaraq SOCAR-ın obyektlərini mütəmadi olaraq havadan zərbələrə məruz qoyur: “Artıq bununla bağlı onlara əlavə müraciət və ya bəyanat ünvanlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, biz Ukraynaya silah satışına qoyulmuş embarqonu aradan qaldıra bilərik və bu addımı atmaq lazımdır. Rusiyanın dediklərinə fikir vermədən hərəkət etmək lazımdır. Vaxtilə Ermənistanla müharibə dövründə ələ keçirilmiş rus silahlarını Ukraynaya satmaq mümkündür. Naxçıvanda da ordumuz tamamilə Türkiyə silahlarına keçid etdiyi üçün orada kifayət qədər zirehli texnika qalıb. “Qrad” qurğuları, digər texnikalar var ki, onları artıq saxlamağa ehtiyac yoxdur. Bu texnikanı Ukraynaya satış üçün göndərmək olar”.
“Vaxtilə Ukrayna bizə sovet silahlarını satmışdı – həm tankları, həm də MiQ-29 qırıcılarını Azərbaycana vermişdi. Mən indi heç bir qəbahət görmürəm ki, Azərbaycan da öz növbəsində artıq bizə artıq lazım olmayan sovet istehsalı silahları Ukraynaya güzəştli qiymətlərlə satsın. Onsuz da həmin vəsaiti Avropa ölkələri böyük məmnuniyyətlə ödəyirlər. Buna əlavə izahat da lazım deyil – kimə xoşdursa, xoş olsun, xoş deyilsə, fərq etməz”, - millət vəkili vurğulayıb.